Taksilərdə vahid tarif modeli - Səbəb "London taksi"ləridir? - REPORTAJ-FOTO

15:18 01.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakıda, eləcə də rayonlarda taksi xidməti ilə məşğul olan insanların sayı kifayət qədər çoxdur. Son illər isə taksi xidməti daha rəqabətli fəaliyyət göstərir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı artdıqca həm keyfiyyət, həm də qiymətlər əlçatanlaşır. Lakin bu sistemin dəyişilməsini düşünənlər də var. Hazırda vahid qiymətlərin tətbiq olunması müzakirə olunur.

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib.

Görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.

Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.

Əslində sosial şəbəkələrdə aparılan müzakirələrdə vahid tarif sisteminin tətbiqi ilə bağlı qərarın Bakıya bir müddət əvvəl gətirilmiş yeni London taksiləri ilə bağlı olduğu vurğulanır. Həmin taksilərdə sərnişinlərin rahatlığının təmin olunduğu qeyd edilsə də, qiymətlərin digər şirkətlərlə müqayisədə xeyli baha olduğu deyilir. Nəticədə isə bu taksilər müştərisiz qalır və qoyulan sərmayə özünü doğrultmur.  

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidməti 100 ədəd “London taksi”si Bakıya gətirib. Bir neçə il öncə  buna oxşar taksilər Bakıya gətirildi. Amma nədənsə insanların diqqətini çəkə bilmədi. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər də həmin maşınlara üstünlük vermədi.

Mövzunun aktuallığını nəzərə alaraqBu gün hafta.az olaraq yeni “London taksi”lərlə maraqlandlq. İlk öncə onu deyək ki, bu taksilər də sifariş əsasında fəaliyyət göstərir. Arzu edən şəxslər “Baku taxi” tətbiqini yükləməklə oradan da sifariş edə bilərlər.

Onların özəlliyindən biri geniş salona malik olmasıdır ki, 6 nəfərlik müştəri salonu ilə tam rahat mənzil başına çata bilərlər. Həmçinin bu taksilər ekologiya üçün ziyanlı deyil. Ağır karbohidratlar xaric olmur, hava çirkləndirməsi yoxdur.

Daha ətraflı məlumat almaq üçün “London taksi” nin sürücüsü Fəxrəddin Rəhimov bizə məlumat verdi. Həmsöhbətimiz deyir ki, avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilir, 130 kilometrə qədər sırf elektriklə çalışır, əgər məsafə daha çox olarsa, o zaman rejimi dəyişib idarə etmək mümkündür:

“Bu avtomobillər  özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona məlumat ötürür. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi pos-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq”.

Nəzərə yetirdiyimiz zaman görürük ki, bu taksilər “Android” sistemi ilə təchiz edilib. Sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilirlər.

Hazırda biz o taksilərin enerji ilə təmin olunduğu yerdə dayanmışıq. “London taksi” və digər elektriklə işləyən avtomobillər burada dayanır. Quraşdırılmış aparat vasitəsi ilə avtomobillər eenerji ilə bərpa olunur.

Maraqlıdır, bəs müştərilər bu taksilərə üstünlük verirlərmi?

“London taksi” sürən Nazim İbrahimov bildirdi ki, avval sifarişlər demək olar ki, olmadı:

“Bu taksilər digər taksilərə baxanda bahadır. Və sərf eləmir. Ona görə müştərilər bu taksiləri sifariş etmirlər. Belə halda biz də heç nə qazana bilmirik. Mən də bir neçə gün istifadə etdim və geri qaytardım”.

“London taksi”lərdə qiymətlər necədir bəs?

“Bakı Taksi Xidməti” MMC Reklam və Marketinq departamentinin Baş mütəxəssisi Natavan Seyidzadə bildirib ki, xidmət haqqı avtomobil növünə görə (standart və ya komfort) müəyyən edilir: “Standart taksilər TX4 markalı taksi minik avtomobilləridir. Hər kilometr üçün qiymət aşağıdakı kimi hesablanır: 

0 km — 10 km 0.70 AZN; 10 km — 20 km 0.40 AZN; 120 km-dən başlayaraq — 0.25 AZN, 15 dəqiqədən sonra hər dəqiqə 0.05 AZN.

Bakıya yeni gətirilən Komfort taksilər isə LEVC TX markalı taksi minik avtomobilləridir. Mobil tətbiq və Çağrı Mərkəzi vasitəsilə edilən sifarişlər istisna olmaqla, ərazidən taksi götürüldükdə başlanğıc olaraq 3 azn, 2 km-dən sonra hər kilometr üçün qiymət aşağıdakı kimi hesablanır: 

0 km — 10 km 0.88 AZN, 10 km — 20 km 0.50 AZN, 120 km-dən başlayaraq — 0.30 AZN, 15 dəqiqədən sonra hər dəqiqə 0.10 AZN”.

Digər taksi şirkətlərində də qiymətləri öyrənmək istədik:

“Bolt” – bu şirkətin taksiləri Nərimanov metrostansiyasından, 20 yanvar metrostansiyasına eco taksilərlə 3.31 AZN, comfort taksilərlə isə 4,27 AZN-ə aparır.

“Uber” – isə bundan bir qədər qiymətlərdə fərqlənir. Belə ki, “uber”in tarifi, “boltla” müqayisədə bahadır.

“Taxifay” şirkətinin taksiləri də həmkar şirkətlərlə demək olar ki, eynilik təşkil edir.

Ənənəvi taksilər isə eyni yolu 5-6 manatla müştərini aparmağı təklif edirlər.

Qiymətlərə baxdığımız zaman məlum olur ki, taksi fəalliyyəti ilə məşğul olan şirkətlər arasında rəqabət mühiti var. Və buna görə də qiymətlərdə ucuzlaşma daima müşahidə olunur. Lakin hazırda taksi faəliyyətində vahid qiymətlərin tətbiqinin müzakirəsi aparılır.

İqtisadçı ekspert Natiq Cəfərlinin isə fikrincə, bu sahəyə dövlətin müdaxiləsi əsassızdır:

“Bu sahə ölkədə azsaylı rəqabətli mühitdir. 2014-cü ildən bu ilə qədər rəqabətli mühit olduğu üçün, benzinin qiymətinin artmasına, həmçinin iki dəfə devalvasiyanın baş verməsinə baxmayaraq qiymətlər enib. Çünki kifayət qədər fəaliyyət göstərən taksi şirkətləri var. Son illər beynəlxalq və yerli taksi şirkətləri artır. Bu şirkətlərin artımı birbaşa rəqabət mühitini artır. Bazarın bu sahədə kifayət qədər tənzimlənmə mexanizmləri var. Bu mexanizmlərin tətbiqi nəticəsində müştəri də məmnundur. Və insanlar da taksi xidməti ilə məşğul olurlar. Dövlətin hər hansı müdaxiləsinə ehtiyac yoxdur. Dövlət tərəfindən tənzimlənən qiymət siyasəti bizi geriyə aparır. Prezidentin çıxışında da liberal iqtisadiyyata keçidlə bağlı tezislər var idi. Liberal iqtisadiyyata keçidlə indi dövlətin bu müdaxiləsi üst-üstə düşmür. Düşünürəm ki, bu sahəni rahat buraxmaq lazımdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, vahid qiymət sisteminin tətbiqi zəruridir:

“Bu sistemdə tariflər həm sərnişinlər, həm də sürücülər üçün səmərəli olmalıdır. Bu gün bəzi taksi xidməti şirkətləri qiymətləri aşağı salmaqla başqa şirkətlərlə rəqabətə girməyə çalışırlar. Yəni, məlum şirkətləri sıradan çıxarmaq üçün oyun qururlar. Ortada əziyyət çəkənlər isə sərnişinlər və sürücülər olur. Bəzən sürücü fərdi xidmətdə müştəri qıtlığı yaşandığına görə taksi şirkətləri ilə işləməyə məcbur olur. Bu məcburiyyət isə bəzən sürücünün xeyrindən çox, ziyanına yol açır. Bu baxımdan vahid qiymət sistemi tətbiq olunmalıdır”.

 

Sosial rubrikasından digər xəbərlər